NAXÇIVAN MR ALİ MƏCLİSİNDƏ GÖRÜŞ
Ali Məclisin sədri nümayəndə heyətini səmimi salamlayaraq, səfir Şantal Puarenin respublikamızda işlədiyi dövrdə böyük hörmət qazandığını vurğulamış, onun bu il öz diplomatik missiyasını başa vurub Azərbaycandan ayrılacağına təəssüfləndiyini, ölkəmizdə işlədiyi illərdə Azərbaycan-Fransa əlaqələrinin inkişafında dəyərli xidmətləri olduğunu bildirmişdir.
Naxçıvanda gördüyü qonaqpərvərlikdən məmnun olduğunu söyləyən, bu qədim diyarın tarixi yerlərinə səfəri barədə təəssüratını bölüşən, səfir Şantal Puare bu yurdun gözəlliklərinin onu valeh etdiyini vurğulamışdır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğma vətənində olmaqdan qürur hissi duyduğunu bildirən diplomat dünya siyasətinin korifeylərindən biri olan Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işləri yüksək qiymətləndirmiş, onun cismani yoxluğundan dərin üzüntü keçirdiyini qeyd etmişdir. O, Prezident Heydər Əliyev ilə görüşlərini, xəstə olanda da Azərbaycanın gələcəyi üçün düşündüyünü xatırlatmış və demişdir ki, çox sevindiricidir ki, bu gün Azərbaycanın sükanı etibarlı əllərdədir. Cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli liderinin xəttini hər bir sahədə inamla davam etdirir.
Vasif Talıbov Azərbaycanda prezident seçkilərindən sonra ölkəmizə göstərdiyi dəstəyə görə öz minnətdarlığını Fransa hökumətinə çatdırmağı səfirdən xahiş etmişdir. Ali Məclisin sədri demişdir ki, seçkilərdən sonra Prezident İlham Əliyevin ilk səfəri Fransa Respublikasına oldu və həmin səfər zamanı Fransa Prezidenti Azərbaycana, dövlətimizin başçısına münasibətini dünyaya göstərdi. Bu, ölkələrimiz arasında dostluğun yeni mərhələsinin başlanğıcıdır.
Mehribanlıq və işgüzarlıq şəraitində keçən görüşdə məlum blokadanın yaratdığı çətinliklər şəraitində muxtar respublikanın iqtisadi və sosial vəziyyəti barədə qonaqlara məlumat verilmiş, Fransa tərəfindən ayrı-ayrı sahələrə sərmayə qoyuluşu imkanları müzakirə edilmişdir.
Səfir Şantal Puare səmimi görüşə görə minnətdarlığını bildirmiş, söhbət zamanı qaldırılan məsələlərin həlli üçün öz dəstəyini əsirgəməyəcəyini söyləmişdir.