NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏHALİSİNİN ƏRZAQ TƏLƏBATI YERLİ İSTEHSAL HESABINA ÖDƏNİLİR
Naxçıvan, 25 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına (2008-2015-ci illər)” müvafiq olaraq qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir.
Əmək potensialının əsasən kənd yaşayış məntəqələrində cəmləşməsi və coğrafi şərait tarixən muxtar respublikada əkinçiliyin üstün inkişafına əlverişli şərait yaratmışdır. 2009-cu ildə 59 min 200 hektar sahədə əkin aparılmışdır ki, bu da əvvəlki illə müqayisədə 300 hektar çoxdur.
Əkinçilik o halda dinamik inkişaf etdirilə bilər ki, müasir texnika və mineral gübrələrlə təchizat vaxtında həyata keçirilsin. 2009-cu ilin ötən dövrü ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 3 milyon 730 min manatadək olan 8 min 508 tondan çox azot və fosfor gübrəsi paylanmışdır. Bundan başqa, 94-ü 2009-cu ildə olmaqla son 4 ildə 440 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Təkcə 2009-cu ildə gətirilən texnikadan 57-si lizinq yolu ilə istehsalçılara verilmişdir.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikanın kənd təsərrüfatında əldə olunan dinamika davam etdirilmişdir. 2009-cu ildə 160 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıma nail olunmuşdur.
Muxtar respublikanın aqrar sektorunun inkişafında soyuducu anbarların yaradılmasının da mühüm rolu olmuşdur. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Qeyd olunan amillər nəzərə alınmaqla son 2 ildə muxtar respublikada ümumi tutumu 6 min 120 ton olan 10 soyuducu anbar istifadəyə verilmişdir. Təkcə 2009-cu ildə ümumi tutumu 3 min 520 ton olan 8 soyuducu anbar yaradılmışdır.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanmışdır. Taxılçılıq üzrə 2008-ci ilin yazında cəmi əkin 33 min 592 hektar olmuşdur.
2009-cu ildə dənli və dənli-paxlalı bitkilərin əkin sahəsindən 100 min 760 ton məhsul yığılmışdır ki, bu da 2008-ci illə müqayisədə 13 min 455 ton, yaxud 15 faiz çoxdur.
Ötən il 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. Anbar kompleksi bir tərəfdən məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdıqları problemləri aradan qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında müstəsna rol oynayır.
Muxtar respublikada taxılçılıqla yanaşı, ikinci çörək hesab olunan kartofçuluğun inkişafı da diqqət mərkəzindədir. 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası kartof istehsalını stimullaşdırmaqla yanaşı, tələbatın ödənilməsində idxaldan asılılığın aradan qaldırılmasında mühüm irəliləyişin əldə olunması ilə nəticələnmiş və əkin sahələrindən 37 min 423 ton məhsul yığılmışdır ki, bu da əvvəlki illə müqayisədə 3 min 114 ton çoxdur.
Qeyd etmək lazımdır ki, taxıl əkinində keyfiyyətə xüsusi diqqət yetirilir. Akademik Cəlal Əliyevin yetişdirdiyi “Nurlu” və “Bərəkətli” taxıl sortlarından toxumluq üçün istifadə edilir.
Beləliklə, kənd təsərrüfatının dinamik artımı onu deməyə əsas verir ki, muxtar respublika əhalisinin ərzaq tələbatı yerli istehsal hesabına ödənilir. Bu isə öz növbəsində xaricə valyuta axınının və infilyasiyanın qarşısını alır.