Naxçıvan Muxtar Respublikası və Şəmkirdən gətirilən eksponatların 600 milyon il yaşı var
Bakı, 18 fevral, Göyçək Mahmudlu, AZƏRTAC
Azərbaycan Geologiya Muzeyinin fondunda 12 mindən çox eksponat saxlanılır və onlardan 6 mindən çoxu nümayiş olunur. Həmin nümunələrin çox böyük əksəriyyəti ölkəmizin ərazisindən tapılmış tapıntılardır. Muzeyin eksponatları arasında Kiçik Qafqaz dağlarından aşkarlanmış tapıntılar xüsusilə çoxluq təşkil edir.
Bir çox eksponatın yaşı 250 milyon ili ötüb keçir. Ən qədim tapıntılar Kembriyə qədərki Devon dövrünün süxurlarıdır və onların yaşı təxminən 600 milyon ilə qədərdir. Paleontologiya bölməsindəki eksponatlardan ən qədim dövrə aid olanı Naxçıvan MR-də Sədərək qalxmasındakı daşlaşmış bitki və heyvan qalıqları və Şəmkir rayonunda Əsrikçayın yuxarı axınındakı şistdir. Respublikamızda ən cavan nümunələr isə Abşeron yarımadasında, Xəzər sahilində, Qobustanda, Binəqədi rayonunun Kirməki ərazisindən tapılıb. Onların yaşı 100 min illə bir milyon il arasında dəyişir. Mineralogiya və regional geologiya bölmələrində yerləşən həmin eksponatlar Kaynazoy erasına aiddir.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində muzeyin direktoru Xalid Mirzəbəyov məlumat verib.
Mineralogiya və petroqrafiya bölmələrində Antarktidadan, Saxa Yakutiyadan olan eksponatlar var ki, onların da yaşı yarım milyard ildir. Afrikada Kilimancaro vulkanından gətirilən süxurlar isə onların içərisində ən cavan eksponat sayılır və təqribən 1 milyon il yaşı var. Son tapıntılar Yura dövrünə aiddir və ötən il Böyük Qafqaz dağlarından və Daşkəsəndən gətirilib. Onların yaşı 150 milyon ilə yaxındır.
2016-cı ilin uğurlu işlərindən biri də Azərbaycan Respublikasının hidrogeoloji xəritəsi və ekzogen proseslərin təhlükəlilik dərəcəsinə görə rayonlaşdırma xəritəsinin tərtibatıdır.
Sonda muzeyin direktoru şəxsi kolleksiyasını da nümayış etdirib.