“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr” adlı kitabın təqdimatı olub
Naxçıvan, 11 yanvar, AZƏRTAC
“Naxçıvan” Universitetində ali təhsil ocağının iqtisadçı alimləri Cavadxan Qasımovun, Sədaqət Əhmədovanın, Flora Ələsgərovanın və Sevinc Zamanovanın həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr” dərs vəsaitinin təqdimatı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva kitabın elmi əhəmiyyətindən danışıb, müəllifləri təbrik edib. Qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikasında olan ali təhsil ocaqlarında iqtisadiyyat və iqtisadiyyatyönümlü ixtisasların tədrisində yeni metodik vasitələrdən istifadə olunur və bununla bağlı müvafiq işlər görülür. Yeni nəşr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr” adlı dərs vəsaiti də bu yöndə görülən işlərin davamıdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun, İdarəetmə kafedrasının müdiri dosent İradə Bağırovanın və həmin kafedranın professoru, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırovun, İqtisadiyyat kafedrasının dosenti Ceyhun Mahmudovun çıxışları dinlənilib.
Bildirilib ki, beş fəsildən ibarət olan dərs vəsaitində təhlillər statistik məlumatlar əsasında peşəkarlıqla aparılıb, muxtar respublikanın istehsal, məşğulluq və sosiallaşma sahəsindəki uğurları yüksək elmi əsaslandırma ilə ortaya qoyulub. Dərs vəsaiti ilə tanış olarkən muxtar respublikada iqtisadiyyatın sənayeləşməsi, sosiallaşması və bunların çoxşaxəliliyi fonunda diversifikasiya olunması məsələləri sahəsindəki dövlət tədbirləri barədə ətraflı məlumat almaq olar. Təbii ki, bu, hərtərəfli inkişafı hədəfləyən ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dövlət tənzimlənməsi, təşkili və idarə olunması məsələlərini ifadə etməkdədir.
Sonda müəlliflər çıxış edərək göstərilən diqqətə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.