Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ingilis dilində açıq dərs keçilmişdir
Naxçıvan, 31 oktyabr (AZƏRTAC). Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində builki qəbul imtahanlarında Naxçıvan Özəl Universitetinin tələbəsi adını qazanmış gənclərin ingilis dilində açıq dərsi keçilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeydə ilk dəfə xarici dildə keçirilən dərsdə universitetin dil üzrə əlaqələndiricisi Hüseyn Bağırsoylu tərcüməçiyə ehtiyac olmadan tələbələrə Ümummilli Liderimizin həyatı və siyasi fəaliyyəti haqqında məlumat vermiş, dahi rəhbərin ölkəmizin gələcəyi naminə gördüyü işlərdən, gəncliyə qayğısından danışmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda ilk demokratik Konstitusiyanın qəbul edilməsi, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ulu Öndərimizin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Vurğulanmışdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının sıralarına hər il 25-30 min yeni üzvlər qəbul olunur ki, bunların da 50 faizindən çoxunu gənclər təşkil edir. Bu, o deməkdir ki, Azərbaycan gəncliyi taleyini ulu öndər Heydər Əliyev ideyalarına bağlayır, öz gələcəyini bu siyasi yolda görür.
Dərsdən sonra tələbələr arasında diskussiya keçirilmişdir. Muzeyin bələdçisi Səma Həsənova tələbələrə ingilis dilində muzeydəki eksponatlar haqqında məlumat vermişdir.