Naxçıvanda “Misilsiz tarixi əhəmiyyətli qələbənin memarı” mövzusunda tədbir keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Şəhər, Qəsəbə Kənd Bələdiyyələri Assosiasiyaları ilə birgə təşkil olunan tədbirdə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları, muxtar respublika üzrə bələdiyyələrin sədrləri və qulluqçuları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Bələdiyyələrlə İş Mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov bildirib ki, 20 illik fəaliyyəti dövründə hər bir azərbaycanlıya Zəfər dolu böyük sevinc bəxş edən, ölkəni beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirən Prezident İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan uğur yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib. Qalib xalqın Qalib Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılıb. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Digər çıxış edənlər tərəfindən Prezident İlham Əliyevin ötən 20 il ərzində dövlətimizin inkişafı istiqamətində gördüyü işlər, apardığı uğurlu daxili və xarici siyasətindən bəhs edilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentlik fəaliyyətindən bəhs edən “Zəfərə gedən 20 il adlı” sənədli film izlənilib.