Naxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb
Bakı, 20 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində tətbiq edilən yeni vergi inzibatçılığı çərçivəsində sahibkarlıq fəaliyyəti həyata keçirən vergiödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi prosesinə başlanılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, uçot məlumatlarının dürüstləşdirilməsi vergi orqanlarının nəzarət dairəsinə daxil olan ərazilərdə sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması üçün müvafiq ərizə və ya vergiyə cəlb edilən əməliyyatların olmaması barədə arayış və ya bəyannamə təqdim edən vergiödəyicilərində və bütün təsərrüfat subyektlərində (obyektlərində) həyata keçiriləcək. Proses vergi əməkdaşlarının vergiödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) olan ünvanlara getməklə fərdi müşahidələr, onların təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında reallaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün fəaliyyət göstərən və uçotda olan vergiödəyicilərinin elektron poçt qutularına bildirişlər göndərilib, həmin bildirişlərdə qeyd edilən məqamlar öz əksini tapıb.
Dürüstləşdirilmə uçot məlumatlarında olan uyğunsuzluqların və müşahidə zamanı aşkar edilmiş kənarlaşmaların vergiödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla könüllü olaraq aradan qaldırılmasına yardım məqsədi daşıyır. Vergi əməkdaşlarına vergiödəyicilərinə qarşı xüsusi bir tədbir həyata keçirmək, yəni maliyyə sanksiyaları, cərimələr tətbiq etmək və digər məsuliyyət tədbirləri görmək səlahiyyətləri verilməyib.
Vergiödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçot məlumatlarının dürüstləşdirilməsi işlərinin 2023-cü il avqustun 1-dək başa çatdırılması nəzərdə tutulur.