Naxçıvanın yaşıl enerji konsepsiyası bölgənin enerji sektorunda yeni dövrün başlanğıcıdır - ŞƏRH
Naxçıvan, 16 oktyabr, Nail Əsgərov, AZƏRTAC
Müasir dünyada enerji resursları mühüm siyasi-iqtisadi güc amilinə çevrilib. Bu kontekstdə Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinin vacib elementidir. Amma elə enerji istehsalına nail olmalıyıq ki, istehsal fəaliyyəti dünyamızı çirkləndirməsin. Azərbaycan bu istiqamətdə mühüm siyasət aparır. Buna görə də COP29 kimi böyük önəm kəsb edən mötəbər tədbir iki yüzə yaxın ölkənin təşəbbüsü ilə respublikamızda keçirilir. Ümumiyyətlə, Azərbaycanın dünya yaşıl enerjisinə töhfələri danılmazdır. Çünki Prezident İlham Əliyev dünya energetika sektorunda strateji düşüncə sahibidir. Onun dünyanın aparıcı ölkələrinin prezidentləri və nüfuzlu enerji şirkətlərinin CEO-ları ilə davamlı görüşləri belə deməyə əsas verir.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev söyləyib.
2030-cu ilə qədər ölkəmizdə yaşıl enerjinin payının 30 faizə çatdırılacağını vurğulayan xidmət rəisinin müavini deyib: “Azərbaycan enerji ötürülməsi üçün Asiya-Avropa arasında tranzit rolunu oynayır. Ölkəmizdə hələ çoxlu bərpaolunan və alternativ enerji stansiyası tikiləcək. Yaşıl enerjinin əhəmiyyətli hissəsi Naxçıvanda istehsal olunacaq. Onu da qeyd edim ki, hazırda Azərbaycanda ümumi enerji istehsalında yaşıl enerjinin payı 14 faizdir. Naxçıvan Muxtar Respublikasında isə bu rəqəm təqribən 50 faizdir.”
Tural Murtuzəliyev qeyd edib ki, ərazicə kiçik Naxçıvanda böyük enerji layihələri planlaşdırılıb: “Bu gün Naxçıvandakı stansiyaların generasiya gücü 244,8 MVt-dır. Amma yaxın illərdə 1500 MVt güc əlavə olunacaq. Bu, o deməkdir ki, Naxçıvanda enerji istehsalı 5 dəfə artacaq. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən alternativ və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığı ilə yeni enerji layihələrinin həyata keçirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Dövlət proqramına əsasən, yaşıl enerji istehsalı üçün 7992 hektar ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xarici şirkətlərlə memorandum imzalanıb. İndi bir neçə layihə üzrə “Texniki-iqtisadi əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına çox yaxınlaşmışıq. COP29 tədbirinə qədər təməlatma olacağı planlaşdırılır. Bəzi şirkətlərə yaşıl enerji istehsalı üçün dövlət tərəfindən 1000 hektar ərazi ayrılıb. Dövlət bu torpaqları əvəzsiz verib”.
“Karbon emissiyasının azaldılması üçün Azərbaycan ciddi addımlar atır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti də müəyyən dəstəklər göstərir. Oktyabrın 11-də muxtar respublikanın 947508 Kv/saat elektrik enerjisinə tələbatı tam yaşıl enerji hesabına ödənilib, bir gündə 130 min kubmetr həcmində təbii qaza qənaət edilib. Həmin gün karbon emissiyası sıfra düşüb. Göründüyü kimi, Naxçıvanda energetika sektorunda ciddi investisiya imkanları mövcuddur. Naxçıvanın yaşıl enerji konsepsiyası bölgənin enerji sektorunda yeni dövrün başlanğıcıdır. Bu konsepsiya, gələcək nəsillər üçün daha yaşıl və daha təmiz bir mühit yaratmaq üçün önəmli addımdır. Bu məqsədlərə nail olmaq üçün, dövlət və özəl sektorun birgə səyləri vacibdir”, - deyə xidmət rəisinin müavini əlavə edib.