Nazir müavini: İşğaldan azad edilmiş ərazilərə köçən insanların məşğulluq imkanları qiymətləndirilir
Bakı, 13 dekabr, AZƏRTAC
Heç bir ölkədə Qarabağdakı mövcud vəziyyətə oxşar vəziyyət yoxdur. İşğaldan azad olunmuş ərazilərə məşğulluğu, iqtisadiyyatı qaytarmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, nazirlik işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində yaxından iştirak edir.
“Qayıdan şəxslərlə fərdi görüş aparılır, məşğulluq imkanları qiymətləndirilir. Peşəsi olan şəxslərə üstünlük verilir. İşğaldan azad olunmuş ərazilərdə iş yerlərinin olması və peşəsi olan şəxslərin bu işlərlə uzlaşdırılmasını həyata keçiririk. Həmçinin peşə hazırlığı, işsiz şəxslərin özünüməşğulluğunu təmin edirik. İşğaldan azad olunmuş ərazilərdə tikinti, infrastruktur quruculuğu sektoru prioritetdir. Həmçinin orada kənd təsərrüfatı, mədənçıxarma sahələri ənənəvidir. Orada yüz minlərlə iş yerləri yaradılacaq. Yaşıl iqtisadiyyat, yaşıl energetika, turizm sektorunda böyük potensial var. Bu sahələrdə peşə hazırlığı, işə cəlb olunma istiqamətində hazırlıq aparırıq. Çalışmalıyıq ki, həmin ərazilərə ənənəvi kənd təsərrüfatı müəssisələrinin deyil, rəqabətədavamlı, dünya əmək bazarının tələblərinə cavab verən kənd təsərrüfatı sahələrini aparmalıyıq. O müəssisələri yüksək innovasiyalar üzərində qurmalıyıq ki, əldə etdiyimiz təcrübəni bütün ölkə üzərində tətbiq edək”, - deyə nazir müavini Anar Əliyev qeyd edib.