Nazir: Problemlərin həlli üçün cəmiyyətin birgə səyi vacibdir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Tədqiqatlar zamanı fərdi şagird və ya məktəbin deyil, bütövlükdə ölkənin təhsil sisteminin nəticələri ölçülür.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib.
Nazir qeyd edib ki, seçilən azsaylı özəl məktəblərin göstəriciləri ümumi nəticəyə ciddi təsir göstərmir və bu məlumatlar əsasında elmi qənaətə gəlmək düzgün deyil. Məqsəd ayrı-ayrı məktəbləri deyil, ümumi təhsil mühitini qiymətləndirməkdir.
Regionlardakı vəziyyətə toxunan Emin Əmrullayev vurğulayıb ki, hazırkı mənzərə 2015–2018-ci illərdə həyata keçirilən diaqnostika, nizam-intizamın bərpası və ibtidai təhsildə mərkəzləşmə addımlarının nəticəsidir.
Nazir müəllim kadrlarının keyfiyyət məsələsinə xüsusi diqqət çəkib: “Sertifikatlaşdırma prosesi müəllimlərin hazırlıq səviyyəsinin şagird nəticələrinə birbaşa təsirini aydın göstərdi. Bəzi bölgələrimizdə müəllimlərin 80-90 faizi ali təhsilli deyil, orta ixtisas təhsillidir. Lakin son illərdə pedaqoji kadrlara qoyulan tələblər sərtləşdirilib, akademik balı aşağı olan şəxslərin müəllim kimi fəaliyyət göstərməməsi ilə bağlı vacib qərarlar qəbul edilib. Müəllim heyətinin keyfiyyəti artdıqca şagird axını və nəticələrdəki fərq də müsbətə doğru dəyişir”.
Emin Əmrullayev əlavə edib ki, keçmişdə qəbul edilən qərarların nəticələri zamanla özünü göstərir və təhsildə köklü dəyişikliklər bir anın içində baş verə bilməz. Mövcud çətinlikləri etiraf etmək vacibdir; bu, yalnız nazirliyin deyil, bütöv cəmiyyətin və milli təhsilimizin ortaq məsələsidir. Problemlərin həlli üçün bütün cəmiyyətin birgə səyi vacibdir.