“NEFT DAŞLARI” DƏNİZ KƏŞFİYYAT QAZMA İŞLƏRİ İDARƏSİNİN DƏNİZ OBYEKTLƏRİNDƏ EKOLOJİ MONİTORİNQ APARILMIŞDIR
Bakı, 2 sentyabr (AZƏRTAC). Ekologiya İdarəsinin ekoloji monitorinq departamentinin əməkdaşları Kompleks Qazma İşləri Trestinin “Neft daşları” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsinin (DKQİİ) dəniz obyektlərində qazma işləri zamanı ətraf mühitin mühafizəsi, həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi, qazma prosesində istifadə olunan texnoloji ğurğularda ekoloji təhlükəsizliyin təmin edilməsi, mövcud problemlərin həlli istiqamətində görülmüş tədbirlərin araşdırılması üçün ekoloji monitorinq işləri həyata keçirmişlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədqiq olunan dəniz obyektlərində bu ilin yanvar ayında nəzarət monitorinqləri aparılmışdı. O zaman müəyyənləşdirilən bir sira ekoloji çatışmazlıqlar hazırda aradan qaldırılmışdır. Belə ki, özüllərdəki növ sistemində döşəməaltı suların soyutma işləri zamanı təkrar istifadə olunması, məişət tulantıları üçün konteynerlərin yerləşdərilməsi, tərkibində kimyəvi reagentlər olan qazma şlamının sahilə daşınaraq Ekologiya İdarəsinin tullantı mərkəzinə təhvil verilməsi həyata keçirilmişdir. Həmçinin, qazma prosesi zamanı dəniz ekosisteminə təsir parametrlərinin müəyyən edilməsi məqsədi ilə monitorinq müddətində sözügedən obyektlərin dəniz stasionar özülləri ətrafından su nümunələri götürülmüşdür. Monitorinq zamanı dəniz axınlarının sürət və istiqaməti ölçülmüş, ərazinin meteoroloji tədqiqatı aparılmışdır. Götürülmüş nümunələr kompleks tədqiqat laboratoriyasında tədqiq edildikdən sonra, alınmış nəticələrə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur.