Neft-Kimya Prosesləri İnstitutunun alimləri Belarus Milli Elmlər Akademiyasında təqdimat edəcəklər
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov Belarusun Klinik Tibbi Mərkəzinin dəvətinə əsasən Minskdə elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik Vaqif Abbasovun keçirdiyi görüşlərdə bioloji aktiv maddələrin və təbii əsaslı dərman preparatlarının istifadə perspektivləri müzakirə edilib.
Azərbaycanlı alim Belarus Milli Elmlər Akademiyasının (MEA) Bioüzvi Kimya İnstitutunda direktor Svetlana Babitskaya, direktor müavini Yelena Kaliniçenko, Kimya və Yer Elmləri Bölməsinin akademik-katibi, Belarus MEA-nın müxbir üzvü Sergey Usanoiv və steroidlər laboratoriyasının müdiri, akademik Vladimir Xripaç ilə görüşüb. O, belaruslu həmkarlarına NKPİ-də aparılan perspektivli tədqiqatlar, tətbiq olunmuş işlər haqqında məlumat verib.
Sonra Vaqif Abbasov institutun laboratoriyaları ilə tanış olub. Sergey Usanov qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən respublika elminin qarşısında neft kimyası və neft emalı, xüsusən də ağır neftin emalı sahəsində tədqiqatların genişləndirilməsi məsələsi qoyulub. O, Azərbaycan alimlərinin bu sahədə böyük uğurlar qazandığını və qeyd edilən sahələrdə əməkdaşlığın vacibliyini bildirib.
Görüşdə cari ilin aprelində NKPİ-nin alimlərinin Belarus MEA-da təqdimatlarla çıxış etmələri və birgə tədqiqatlar üçün müqavilə bağlanmasına dair razılıq əldə olunub.
Səfər çərçivəsində azərbaycanlı alim, həmçinin Belarusun Səhiyyə Nazirliyində Ekspertiza və Sınaqlar Mərkəzinin direktoru Sergey Marçenko ilə görüşüb. Tibbi texniki vasitələrin qeydiyyatı qaydaları, mərkəzin laboratoriyaları ilə tanış olub, onların rəhbərləri ilə müzakirələr aparıb. Sergey Marçenko qeydiyyat üçün lazım olan sənədlərin hazırlanması qaydaları haqqında məlumat toplusunun diskini Vaqif Abbasova təqdim edib.
Görüşdə əməkdaşlığa dair razılıq əldə olunub.