Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Monomerlər, oliqomerlər və kataliz şöbəsinin müdiri professor Minavər İbrahimova və institutun elmi katibi vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva Belarusun Minsk şəhərində ezamiyyətdə olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Minavər İbrahimova və Ziyarət Paşayeva Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilən “Alternativ xammal və yanacaq mənbələri” adlı VIII beynəlxalq elmi-texniki konfransda iştirak ediblər. Konfransda Z.Paşayevanın “İon mayeləri polimetakrilatların sintezi üçün yeni reaksiya mühiti” mövzusunda məruzəsi maraqla qarşılanıb və 1-ci dərəcəli diploma layiq görülüb.
Səfər müddətində NKPİ-nin əməkdaşları Belarus Dövlət Texnologiya Universitetinin dəvəti ilə Polimer kompozisiya materiallar və Neft-qaz emalı və neft kimyası kafedralarında olub, tələbələrə “İon mayelərinin polimer kimyası və neft fraksiyalarının təmizlənməsində tətbiqi” mövzusunda mühazirə oxuyublar.