“Neftçi”nin kapitanı: İnanıram ki, yeni baş məşqçi ilə işimiz uğurlu alınacaq
Bakı, 29 dekabr, AZƏRTAC
“Neftçi”nin futbolçuları Emin Mahmudov, Reziuan Mirzov və Azər Əliyev komandanın yeni baş məşqçisi Mioqrad Bojoviçlə bağlı fikirlərini bölüşüblər.
AZƏRTAC xəbər verir ki, klubun mətbuat xidmətinə danışan hər üç oyunçu monteneqrolu mütəxəssisin təyinatını yüksək qiymətləndirib.
“Ağ-qaralar”ın kapitanı Emin Mahmudov 55 yaşlı çalışdırıcının rəhbərliyi altında uğurlu nəticələr qazanacaqlarına inandığını bildirib: “Bojoviçi Rusiyadan tanıyıram. O, “Dinamo”, “Lokomotiv” kimi böyük klublarda, eləcə də digər komandalarda işləyib. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. İnanıram ki, onunla işimiz uğurlu alınacaq. Rusiyada Bojoviçin çalışdırdığı komandalara qarşı oynamışam deyə, orada tez-tez qarşılaşırdıq”.
“Neftçi”nin rusiyalı yarımmüdafiəçisi Reziuan Mirzov yeni baş məşqçi haqqında yalnız xoş sözlər eşitdiyini deyib: “Miodraq Bojoviçin Rusiya Premyer Liqasının bir çox klublarında işlədiyini bilirik. O, təqribən 10 il müddətində “Dinamo”, “Lokomotiv”, “Rostov”, “Arsenal” (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb. Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqqında yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, yaxşı oyun qurur, hücum futbolu oynadır, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticələr göstərmək üçün səylə çalışır. Mən şəxsən Miodraq Bojoviçlə işləməmişəm, amma bir-birimizi tanıyırıq, Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dövrdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik”.
Paytaxt klubunun digər yarımmüdafiəçisi Azər Əliyev isə bu təyinatın “Neftçi” və Azərbaycan futbolu üçün uğurlu seçim olduğunu söyləyib: “Düzdür, birlikdə çalışmamışıq, amma onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Bilirəm ki, yaxşı oyun qurur. Bunu Bojoviçin çalışdırdığı bütün komandalarda görmüşəm. Onunla işləmiş futbolçulardan eşitmişəm ki, kollektivə çox yaxşı təsir göstərir, hər kəslə fərdi olaraq çox yaxşı işləyir və komandada əla əhvali-ruhiyyə yaradır. Buna görə də kollektiv işin nəticəsini görmək üçün əlimizdən gələni edəcəyik. Bir araya gəlib işləməyə başlayacağımız günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, “Neftçi” Miodraq Bojoviçlə dekabrın 24-də rəsmi müqavilə imzalayıb.