NEFTİN QİYMƏTİ 50 DOLLARA YAXINLAŞIR
Araşdırıcılar qiymətlərin yenidən bu cür qalxmasını onunla əsaslandırırlar ki, İraqın “qara qızıl” ixracı azalır, özü də ölkədə vəziyyətin yaxın vaxtlarda yaxşılaşacağını gözləmək olmaz.
Avqustun 19-da Sinqapur hərraclarında bir barrel neftin qiyməti 48,99 dollara qalxmışdır. Nyu-York birjasında isə 48,75 dollara çatmışdır ki, bu da onun bütün tarixi ərzində rekord göstəricidir.
Oktyabrda göndəriləcək Brent indikatif sortlu neft də 3 faiz bahalaşmışdır. İndi onun bir barrelinin qiyməti 44,33 dollardır.
Hazırda İraq nefti təkcə bir boru kəməri ilə ixrac edilir və gündə təxminən 1 milyon barrel neft göndərilir. Halbuki apreldə həmin göstərici 1,8 milyon barrelə bərabər idi.
Son vaxtlar neftin dünya qiymətlərinə ciddi təsir göstərən digər amillər sırasında Rusiyanın “YUKOS” şirkətinin məsələsi, Venesuelada siyasi vəziyyətin qeyri-sabitliyi də göstərilir.
Bütün bunlarla yanaşı, iqtisadçılar ilin sonunadək neftin qiymətinin aşağı düşəcəyini proqnozlaşdırırlar. Blumberq agentliyinin apardığı sorğulara görə, ilin üçüncü rübündə Nyu-York ticarət birjasında bir barrel neftin orta qiyməti 35 dollar, dördüncü rübdə 34 dollar olacaq, gələn il isə 30 dollara düşəcəkdir.
Dünyanın aparıcı neft ixracçısı olan Səudiyyə Ərəbistanının hakim dairələri də bu cür proqnozlar verirlər. Vəliəhd şahzadə Abdulla söz vermişdir ki, neftin dünya qiymətlərinin bir barrel üçün 30 dollardan aşağı düşməsindən ötrü bütün mümkün işləri görəcəkdir.
Abdulla bildirmişdir ki, hazırda ölkəninneftçıxarma sənayesi rekord miqdarda “qara qızıl” hasil edir. İndi Səudiyyə Ərəbistanında gündə təxminən 9,3 milyon barrel neft çıxarılır. Onun sözlərinə görə, bu sürət nəinki azı sentyabra qədər saxlanılacaq, hətta 10 milyon barrelə çatdırıla bilər.