Nəriman Şahsuvar: Bərpaolunan energetika ehtiyat mənbələrdən bütün tələbatı etibarlı şəkildə təmin edə bilməz
Bakı, 2 iyun, AZƏRTAC
Bərpaolunan enerji mənbələri energetika keçidində mühüm rol oynayır, lakin ehtiyat generasiya mənbələri olmadan artan enerji tələbatını müstəqil və sabit şəkildə təmin edə bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakı Enerji Həftəsinin “Cənub Qaz Dəhlizi: Energetika təhlükəsizliyi və regional əməkdaşlıq” adlı sessiyasında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Marketinqi Departamentinin rəhbəri Nəriman Şahsuvar ifadə edib.
Onun sözlərinə görə, iqtisadiyyatın rəqəmsallaşması, data mərkəzlərinin və nəqliyyat sektorunun inkişafı fonunda elektrik enerjisinə tələbat artmaqda davam edir, halbuki təkcə bərpaolunan enerji mənbələrinə güvənmək sabit enerji təchizatını təmin edə bilməz.
N. Şahsuvar Günəş və külək enerjisi istehsalının hava şəraitindən asılı olduğunu və mövcud enerji saxlama texnologiyalarının hələlik uzunmüddətli ehtiyatı təmin etməyə qadir olmadığını qeyd edib.
O vurğulayıb: “Ehtiyat enerji mənbəyi həmişə lazımdır. Batareyalar yalnız bir neçə saatlıq enerji təmin edə bilər, bundan sonra digər resurslardan yenidən istifadə etmək lazım gələcək”.
SOCAR nümayəndəsi əlavə edib ki, təbii qaz enerji sistemlərinin çevikliyini və dayanıqlığını təmin etməkdə mühüm rol oynayır və qlobal energetika keçidinin əsas elementi olaraq qalır.