“Niderland-2022”: Rusiya və Xorvatiya milliləri Avropa çempionatına qələbə ilə başlayıblar
Bakı, 22 yanvar, AZƏRTAC
Niderlandda keçirilən Avropa çempionatının final mərhələsinin üçüncü günündə - yanvarın 21-də iki oyun təşkil olunub.
AZƏRTAC xəbər verir ki, çempionatın C qrupu çərçivəsində əvvəlcə Rusiya və Slovakiya yığma komandaları üz-üzə gəliblər. Estoniyalı baş hakim Qriqori Osomkovun idarə etdiyi matçda Rusiya millisi böyük hesablı qələbə qazanıb - 7:1.
Günün digər matçında isə Polşa və Xorvatiya milliləri qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Xorvatiya millisi 3:1 hesablı qələbə qazanıb. Hər iki görüş Amsterdamda təşkil olunub.
Sayca 6-cı dəfə bu mərhələdə iştirak edəcək millimiz mübarizəyə yanvarın 22-də başlayacaq. D qrupunun açılış matçında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Bu görüş, eləcə də yanvarın 25-də keçiriləcək İspaniya-Azərbaycan qarşılaşması Qroningendəki “Martini Plaza”da baş tutacaq. İlk dəfə 16 komandanın iştirak etdiyi yarışda qrup mərhələsini ilk iki pillədə yekunlaşdıracaq millilər dörddəbir finala vəsiqə qazanacaqlar.
Krallıqda tətbiq edilən qadağalarla əlaqədar yanvarın 25-dək keçiriləcək oyunlarda azarkeşlər iştirak etməyəcək. UEFA futzalçıların özlərini yalqız hiss etməməsi üçün tribunalarda fanatların maketini yerləşdirib.
Yanvarın 25-dən sonra keçiriləcək oyunlarla bağlı isə Niderland hökumətinin qəbul edəcəyi qərarlara uyğun addım atılacaq.
Millimiz qrupda sonuncu oyununu yanvarın 29-da Bosniya və Herseqovina ilə keçirəcək.