Niderland Fransadan F21 torpedasını alacaq
Paris, 18 iyun, AZƏRTAC
Fransa ilə Niderland arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Fransanın “Naval Group” şirkəti 2 il əvvəl Niderland Hərbi Dəniz Qüvvələri üçün 4 “Black Sword Barracuda” tipli hücum sualtı qayığının tikintisi üzrə böyük müqaviləni qazandıqdan sonra növbəti uğura imza atıb. Rəsmi Haaqa bu dəfə yeni nəsil F21 ağır torpedalarının alınmasına dair qərar verib.
AZƏRTAC xəbər verir ki, məlumata görə, F21 torpedaları hazırda “Naval Group” tərəfindən Şerburqda inşa edilən “Orka” sinifli sualtı qayıqların əsas silahlarından biri olacaq. Bu seçim xüsusi əhəmiyyət daşıyır, çünki F21 torpedası ilk dəfə NATO üzvü olan bir ölkə tərəfindən satın alınır və ümumilikdə dünyada bu silahı seçən 3-cü ölkə Niderland olur.
Beləliklə, Fransanın F21 sistemi əvvəlcədən nəzərdə tutulmuş Amerika Birləşmiş Ştatları istehsalı olan MK48 torpedasını geridə qoyub. Son aylar Niderland rəsmiləri artıq F21 kimi müasir və yüksək imkanlara malik ağır torpedaya sahib olmaq istədiklərini bildirmişdilər.
“Naval Group”un baş direktoru Pyer-Erik Pommele bu qərarı şirkət üçün böyük etimad göstəricisi adlandıraraq, F21-in “Orka” sinifli sualtı qayıqların əsas silahlarından biri seçilməsindən qürur duyduğunu bildirib.
Niderlandın müdafiə satınalmalarına cavabdeh olan COMMIT agentliyinin rəhbəri, vitse-admiral Yan Villem Hartman isə müqaviləni iki ölkə arasındakı strateji tərəfdaşlıq üçün mühüm mərhələ kimi qiymətləndirib.
Müqavilənin maliyyə dəyəri açıqlanmasa da, layihədə digər Fransa şirkətlərinin də iştirakı gözlənilir. Həmçinin “Thales” yeni sualtı qayıqları müasir sonar sistemləri ilə təchiz edəcək.
“Artémis” adı ilə də tanınan F21 torpedası 7 metr uzunluğa malikdir və 200 kiloqrama qədər partlayıcı daşıya bilir. Süni intellektlə təchiz olunan sistem missiya zamanı hədəfi dəyişə, hətta ilk hücum uğursuz olarsa, yenidən hücum cəhdi göstərə bilir.
Hazırda F21 torpedaları Fransa Hərbi Dəniz Qüvvələrinin “Le Triomphant” sinifli strateji nüvə sualtı qayıqlarında, həmçinin “Rubis” və “Suffren” sinifli hücum sualtı qayıqlarında istifadə olunur. İxrac bazarında isə bu silahı ilk seçən ölkələrdən biri Braziliya olub və F21 torpedaları həmin ölkənin “Scorpene” sinifli sualtı qayıqlarını silahlandırır.