Nigeriyalı mütəxəssis: WUF13-də iştirak bizə yalnız nəzəri biliklər deyil, həm də praktik təcrübələr əldə etmək imkanı verir
Bakı, 18 may, AZƏRTAC
Dünya Şəhərsalma Forumu müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirərək şəhərsalma sahəsində qlobal təcrübə mübadiləsinə imkan yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı nigeriyalı mütəxəssis Babacide Rotimi Olalaye bildirib.
Onun sözlərinə görə, forum şəhərsalma, xüsusilə də urban mənzil və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.
Babacide Rotimi Olalaye vurğulayıb ki, müxtəlif ölkələrin təcrübələri ilə tanışlıq şəhər problemlərinə daha effektiv yanaşmaların formalaşdırılmasına şərait yaradır.
“Burada iştirak etmək bizə yalnız nəzəri biliklər deyil, həm də praktik təcrübələr əldə etmək imkanı verir. Fərqli ölkələrdə şəhərsalmanın necə həyata keçirildiyini öyrənmək gələcək fəaliyyətimiz üçün çox dəyərlidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, urban mənzil problemləri xüsusilə inkişaf etməkdə olan ölkələr üçün prioritet məsələlərdəndir və bu sahədə beynəlxalq əməkdaşlıq vacib rol oynayır. Mütəxəssis Bakının müasir şəhərsalma yanaşmalarını müsbət qiymətləndirərək qeyd edib ki, forum çərçivəsində təqdim olunan təcrübələr gələcək layihələrdə tətbiq oluna bilər. “Şəhərsalmanın planlaşdırılması, dayanıqlı mənzil siyasətləri və maliyyələşdirmə mexanizmləri barədə əldə olunan biliklər bizim üçün çox faydalıdır”.
Müxbir-Vüqar Qurbanoğlu