“Nizami dünyası” teatr müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Naxçıvan, 27 may, AZƏRTAC
Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimi Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində reallaşıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən nazirliyin aparat rəhbəri Tahir Məmmədli, Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev və müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev muxtar respublikada teatrların fəaliyyətinə göstərilən hərtərəfli dövlət qayğısından bəhs ediblər. Bildirilib ki, son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
Vurğulanıb ki, ali və orta ixtisas təhsili müəssisələrində teatr studiyalarının yaradılması, həmin təhsil ocaqlarında teatr sənətinə olan marağın artması sevindiricidir. Görkəmli söz ustadı Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan “Nizami dünyası” teatr müsabiqəsi də Naxçıvanda teatr sənətinin inkişafına dəyərli töhfə olacaq, gənclərin professional teatr sənətinə marağını artıracaq. Çıxış edənlər yaradıcı gənclərin formalaşmasına, eləcə də teatr sənətinin yaşadılmasına və inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Müsabiqənin yekun qiymətləndirilməsinə əsasən Naxçıvan Dövlət Universitetinin komandası qalib adına layiq görülüb. Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Müəllimlər İnstitutunun teatr studiyaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin təmsilçilər fəal iştiraka görə təltif ediliblər. Qalib və fərqlənən komandalar diplom, plaket və hədiyyələrlə mükafatlandırılıblar.
Sonra qalib komandanın hazırladığı “Xeyir və Şər” tamaşası nümayiş olunub. Tamaşanın ardından çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müsabiqənin əhəmiyyətindən bəhs edib, təşkilatçılara təşəkkürünü bildirib. O deyib ki, tələbələrimizin ən kiçik uğuru belə, bizə böyük sevinc bəxş edir. Qürurverici haldır ki, muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir.
Qeyd edək ki, üç aya yaxın davam edən müsabiqəni Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirlikləri və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi birgə təşkil edib. Ölkəmizdə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən müsabiqə şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, gənclərin yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə təşkil olunub.