Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Orn departamentinə koronavirus testləri bağışlayıb
Orn, 21 aprel, AZƏRTAC
Fransanın “Actu” portalı (https://actu.fr/normandie) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Alenson-Mamer xəstəxanasına COVID-19 virusunu aşkarlamaq üçün 210 test bağışlamasından yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizlə sıx əlaqələri olan Orn departamentinin senatoru Natali Qulenin Bakıdan COVID-19 virusunun aşkarlanması üçün 210 test aldığı bildirilib.
Qeyd edilib ki, Orn departamentinin senatoru Natali Qule uzun illərdir Azərbaycanla sıx əlaqə saxlayır. Məhz bu əlaqələr sayəsində o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən COVID-19 virusunun aşkarlanması üçün 210 test alıb. Bakıdan gələn testlər Alanson-Mamer xəstəxanası üçün nəzərdə tutulub.
Həmçinin yazıda göstərilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Dünya Bankının vitse-prezidenti İsmail Serageldin və doktor Şo Şak senator Natali Qulenin çağırışına səs veriblər.
N.Qule Orn departamentinin prefektinin çağırışına əsasən qısa zamanda COVID-19 virusunun testləri əldə etmək məqsədilə yardım üçün Azərbaycana üz tutduğunu bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Orn