REGİONLAR
Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır
Ağdam, 21dekabr, AZƏRTAC
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd mədəniyyət evində 2021-ci il "Nizami Gəncəvi İli" elan olunması ilə əlaqədar olaraq keçirilən "Nizami Gəncəvi lirikası" adlı tədbirdə səsləndirilib. Pandemiya dövrünün tələblərinə uyğun keçirilən tədbirdə Qaradağlı kənd kitabxanasının işçiləri, Qaradağlı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Qaradağlı kənd Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, 5 saylı kitabxananın müdiri İradə Qasımova çıxış edərək, Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, dahi şair Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi milli mədəniyyətimizə göstərilən diqqət və qayğının parlaq nümunəsidir.
Qaradağlı kənd tam orta məktəbinin ədəbiyyat müəllimləri Şəfəq Məmmədova və Nigar Zeynalova çıxışlarında dahi şairin həyat və yaradıcılığından geniş bəhs ediblər. Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Tədbirin sonunda məktəblilər Nizami Gəncəvinin şeirlərini söyləyiblər.