NİZAMİ RAYON ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ MƏRKƏZİNİN ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Müasir standartlara uyğun təmir edilmiş mərkəzdə yeni avadanlıqlar, kompyuterlər quraşdırılmış və əlillərə yüksək səviyyədə xidmət göstərilməsi üçün lazımi şərait yaradılmışdır.
Mərkəzlə tanış olan nazir Füzuli Ələkbərova görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.
Füzuli Ələkbərov demişdir ki, bugünkü tədbir ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində nazirlik tərəfindən keçirilən silsilə tədbirlərdən biridir. Bu günlərdə Göyçay və Naftalan rayonlarında regional peşə tədris məşğulluq və reabilitasiya mərkəzlərinin açılış mərasimi keçiriləcəkdir. Həmçinin Qarabağ müharibəsi əlilləri üçün yaşayış binalarının paylanılması, Böyük Vətən müharibəsinin veteranlarına “Oka” markalı 60 ədəd avtomobilin verilməsi də ulu öndərin yubileyi ərəfəsində həyata keçiriləcəkdir.
Nazir vurğulamışdır ki, Bakıda və bölgələrdə yeni əhalinin sosial müdafiəsi mərkəzlərinin tikilməsi və əsaslı təmir edilməsi planlaşdırılmışdır. Bu binaların 16-sı cari ilin sonunadək istifadəyə veriləcəkdir.
F.Ələkbərov vurğulamışdır ki, Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi nazirlik tərəfindən şəhərdə pilot layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Nazirliyin digər belə bir qurumu Qubada fəaliyyət göstərir ki, bu da kənd rayonlarını əhatə edir.
######
