Nizami rayon məktəbliləri Memorial Soyqırımı Muzeyində
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən rayon məktəblilərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ekskursiyanın keçirilməsində məqsəd tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən cinayətlərin faktlarla diqqətə çatdırılması olub.
Muzeylə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm həyata keçirdikləri etnik təmizləmənin və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa edilməsi, erməni qəsbkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətlərində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənib, ermənilərə qarşı ideoloji mübarizə daha səmərəli xarakter alıb. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir.
Məktəblilər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və videomateriallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olub, videoçarxlara tamaşa ediblər.