Nizami rayonunda yeddi mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsi-4 ünvanında yaşayan Bakı şəhər sakini Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə ərizə ilə müraciət edərək evindən içərisində 25 min manat məbləğində pul, 1200 dollar və dəyərini dəqiq bilmədiyi qızıl-zinət əşyaları olan seyf oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları dərhal hadisəni nəzarətə götürüblər. Araşdırma zamanı müəyyən edilib ki, naməlum şəxs birinci mərtəbədə yerləşən mənzilə dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub. Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib ki, qeyd edilən hadisələr əvvəllər dəfələrlə məhkum olunmuş, Sabunçu rayon sakini Sadiq Həsənov tərəfindən törədilib. 24-cü polis bölməsinin əməkdaşlarının saxladıqları S.Həsənov törətdiyi cinayətləri etiraf edib. Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38 min 800 manat məbləğində pul, 1200 dollar və 177 min manat dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər. Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin barəsində 24-cü polis şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib. S.Həsənov barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.