RƏSMİ XRONİKA
NORD-PA-DE-KALE REGİONUNUN PREFEKTİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Nord-Pa-de-Kale regionu prefektliyinin binasına gəlmişdir.
Prefekt Daniel Kanepa dövlətimizin başçısını binanın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə prefekt Daniel Kanepa arasında görüş oldu.
“Marifo” zalında keçirilən görüşdə Daniel Kanepa Prezident İlham Əliyevin Fransaya dövlət səfərinin böyük maraqla izləndiyini, dövlətimizin başçısına bu regiona gəldiyinə görə dərin minnətdarlığını söylədi və bundan şərəf duyduqlarını vurğuladı. O, ümidvar olduğunu bildirdi ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.
Görüşdə Azərbaycan ilə Fransanın ayrı-ayrı bölgələri, o cümlədən çox böyük iqtisadi potensialı olan Nord-Pa-de-Kale regionu arasında iqtisadi əməkdaşlığın dərinləşməsinin və müxtəlif sahələr üzrə yeni əlaqələrin yaradılmasının faydalı olacağı vurğulandı.
Görüşdən sonra prefektin adından Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar verildi.