“Novator alim, işıqlı şəxsiyyət” mövzusunda elmi konfransa hazırlıq məsələləri müzakirə olunub
Bakı, 13 aprel, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a MBBİ-dən bildirilib. İclası açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Akademik institutun Bioinformatika laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü İlham Şahmuradovun AMEA-nın “İstinadda rekord” diplomu ilə təltif olunduğunu şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, “Google Scholar Citations” qlobal informasiya şəbəkələrindən götürülən məlumata görə, H-indeksi 11 olan alimin elmi əsərlərinə ümumilikdə 1366 istinad olunub.
Sonra institutda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Novator alim, işıqlı şəxsiyyət” mövzusunda elmi konfransa hazırlıq məsələləri müzakirə olunub.
Akademik İradə Hüseynova Proteomiks beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aynurə Paşayevanın Koreya Respublikasının Pusan Milli Universitetinə, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Naimə Niyazovanın İtaliya Milli Tədqiqatlar Şurasının Davamlı Bitki Mühafizəsi İnstitutuna, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi Şahniyar Bayramovun COST proqramı çərçivəsində keçirilən illik konfransda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə ezam edilmələri haqqında şura üzvlərinə məlumat verib.
Daha sonra institutda təhsil alan doktorantların dissertasiya mövzusu ilə əlaqədar yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabatları dinlənilib.