Növbəti imtahanlarda fiziki məhdudiyyətli 10 şagird iştirak edəcək
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 18-də və 19-da keçiriləcək imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 10 şagird də iştirak edəcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu, abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 18-də və 19-da ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək. İyunun 18-də keçiriləcək imtahanlarda 24 min 312, iyunun 19-da keçiriləcək imtahanlarda isə 19 min 455 nəfər olmaqla, ümumilikdə 43 min 767 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.