Növbəti təlimdə uşaqlara ətraf mühiti qorumağın sirləri öyrədiləcək
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 16-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, təlimdə planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunacaq. Balaca “ekoloqlara” ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar öyrədiləcək.
Daha sonra uşaqlar tullantılardan incəsənət nümunələri hazırlayacaq, təmiz su və hava ilə bağlı interaktiv oyunlarda iştirak edəcəklər.
Təlim uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsillərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandıracaq, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verəcək.
“Uşaqlar üçün ekoloji laboratoriya” IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq. “Laboratoriyada”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.