Növbəti “YAŞAT” idman düşərgəsi başa çatıb
Bakı, 3 aprel, AZƏRTAC
“YAŞAT” Fondunun təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuz şəhərində reallaşdırılan növbəti “YAŞAT” idman düşərgəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, düşərgədə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı 26 övladı iştirak edib. Onlar üçün “Turan Tovuz” futbol klubu ilə tanışlıq gerçəkləşdirilib. Həmçinin uşaqlar klubun “Sumqayıt”la baş tutan oyununda futbolçular ilə birgə meydana daxil olublar və matçı stadionda canlı izləyiblər.
İştirakçılar üçün stolüstü yarışlar, kikboksinq, taekvondo, cüdo, basketbol, voleybol idman növləri üzrə ustad dərsləri də təşkil olunub. Eyni zamanda, Tovuz şəhərində yerləşən Dövlət Rəmzləri Muzeyinə, Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar, əyləncə və kino saatları reallaşdırılıb.
Düşərgə çərçivəsində, həmçinin şəhidimiz Hafiz Abdurrəhmanovun övladı Ziya Abdurrəhmanlının doğum günü qeyd olunub.
Ümumilikdə, düşərgənin məqsədi həmin region gənclərinin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkilidir.
Layihənin media dəstəkçisi “ASAN Radio” olub.