CƏMİYYƏT
Novruz bayramı münasibətilə əmək qəhrəmanı Sürəyya Hacıyeva ilə görüş olub
![](/files/galleryphoto/2023/1/1200x630/16791342532085155825_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791342533919210096_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791342536251337936_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791342533609340622_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791342533832857286_1200x630.jpg)
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev 85 yaşı tamam olan əmək qəhrəmanı Sürəyya Hacıyeva ilə görüşüb.
1938-ci il martın 21-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan S.Hacıyeva 1954-cü ildə Ordubad barama toxumu zavodunda əmək fəaliyyətinə başlayıb və 60 ilə yaxın müddətdə ipəkçilik, tikiş sahələrində çalışıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə daim əzmkar və səmərəli fəaliyyəti, fədakar əməyi, zəhmətkeşliyi ilə fərqlənib. Bir çox dövlət mükafatları ilə təltif olunub, həmçinin Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.
V.Quliyev S.Hacıyevanı yubileyi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, ona xoş arzularını bildirib.
Daim peşəsinə, işinə bağlı olan və öz zəhməti sayəsində uğurlar qazanan S.Hacıyeva kimi əmək veteranlarının mənalı ömür yolunun örnək olduğu qeyd edilib.
S.Hacıyeva göstərilən diqqətə görə təşəkkürünü bildirib, ölkəmizin hərtərəfli inkişafını görməkdən məmnunluq və qürur hissi keçirdiyini vurğulayıb.