Oğurladığı qiymətli əşyaları “Instagram”da satan şəxs saxlanılıb
Bakı, 21 may, AZƏRTAC
Sabunçu rayonunun Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə şikayət edərək bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda, həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və qiymətli əşyalar oğurlandığını bildiriblər.
Oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edib. Həmin şəxs ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.
Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini “Instagram” sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.
Elşən İsayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Faktlarla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.