İDMAN
OLİMPİYA LİSENZİYA TURNİRİNDƏ İLK GÖRÜŞ BOLQARISTAN KOMANDASININ QƏLƏBƏSİ İLƏ BAŞA ÇATMIŞDIR
Yanvarın 5-də Bakının İdman-Konsert Kompleksində qadınlar arasında voleybol üzrə Olimpiya lisenziya turniri start götürmüşdür. Turnirdə 2 qrupa bölünmüş 8 komanda – Azərbaycan, Türkiyə, Bolqarıstan, Rusiya, Polşa, Almaniya, Hollandiya və İtaliya komandaları iştirak edirlər. Turnir Azərbaycan Milli Olimpiya Komitəsi, respublika Voleybol Federasiyası və Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdur. Turnirin oyunları “Avrosport” telekanalı, habelə iştirakçı dövlətlərin bir sıra telekanlları vasitəsilə yayımlanır.
İlk görüş B qrupuna daxil olan Hollandiya və Bolqarıstan komandaları arasında olmuşdur. Oyunun əvvəlində iki ölkənin dövlət himnləri səsləndi. Bolqarıstan komandasının üstünlüyü ilə keçən birinci hissə 25:17 hesabı ilə başa çatdı. Komanda ikinci hissədə də yaxşı oyun nümayiş etdirdi - 25:18. Üçüncü hissədə hollandiyalılar bir sıra hallarda rəqibləri ilə eyni səviyyədə oyun nümayiş etdirsələr də, Bolqarıstan komandası 25:23 hesabı ilə qalib gəldi. Beləliklə, görüş 3:0 hesabı ilə Bolqarıstan yığma komandasının xeyrinə başa çatdı.