Ölkənin strateji inkişaf planında “yaşıl enerji”yə keçidlə bağlı ciddi tədbirlər nəzərdə tutulub
Bakı, 13 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanın “yaşıl” və bərpa olunan enerji sahəsində gördüyü işlər həm özünü müxtəlif layihələrdə, həm də dövlətin strateji sənədlərində öz əksini tapıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, respublikada 1994-cü ildən həyata keçirilən neft strategiyası qaz strategiyasına, daha sonra alternativ enerji strategiyasına keçirilib. Hazırda bu strategiyaya başlanılmış və 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf planında da “yaşıl enerji”yə keçidlə bağlı ciddi tədbirlər nəzərdə tutulub: “Ölkənin 200 qeqabayta yaxın bərpa olunan enerji mənbəyi imkan verir ki, Azərbaycan bu strategiyasını gerçəkləşdirsin. Eyni zamanda, Avropa ölkələrini də bu strategiyanın tərəf müqabilinə çevirərək məsələyə daha böyük strateji yanaşma sərgiləyib. Bununla bağlı Buxarestdə Rumıniya, Macarısan, Gürcüstan və Azərbaycan tərəfindən Anlaşma Memorandumu imzalanıb. Belə ki, Azərbaycanda istehsal ediləcək alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Qara dənizin dibi ilə Avropaya keçirilməsi nəzərdə tutulur. Azərbaycanın bu strategiyası sonda Orta Asiya ölkələrində də istehsal ediləcək enerjinin Xəzər dənizinin dibi ilə Azərbaycana, oradan da Avropaya nəqlini görməyə bizə imkan verəcək”.
Ekspert qeyd edib ki, eyni zamanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası zamanı da bu enerji növündən istifadəyə üstünlük verilməsi prioritet olaraq götürülüb. “Ağıllı şəhər” konsepsiyasının gerçəkləşdirilməsində bu ərazilərin hidro potensialından geniş istifadənin hədəflənməsi ölkənin alternativ enerji mənbələrinin “yaşıl enerji”yə istiqamətlənən strategiyasının bir göstəricisidir.