OMBUDSMAN APARATINDA GÖRÜŞ OLMUŞDUR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, A.M.Qarridonun ölkəmizə növbəti səfərindən məqsəd Azərbaycan ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsində BMT-nin İnkişaf Proqramının (BMT İP) göstərdiyi dəstəyin səmərəliliyinin, insan hüquqları müvəkkili təsisatı ilə bu beynəlxalq qurumun əməkdaşlığının daha da möhkəmləndirilməsi yollarının araşdırılmasıdır.
Qonağı səmimi qarşılayan Elmira Süleymanova BMT İP-in Azərbaycan ombudsman institutu ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir. BMT İP-in ombudsman aparatının strategiyasının hazırlanması və həyata keçirilməsində, əhalinin maarifləndirilməsi üçün hüquqi nəşrlərin hazırlanmasında və ölkənin müxtəlif bölgələrində ombudsmanın regional mərkəzlərinin yaradılmasında texniki dəstək göstərdiyini bildirmişdir. Ombudsman təsisatının beynəlxalq əlaqələrinin genişlənməsində, xarici ölkələrdəki həmkarlarla təcrübə mübadiləsinin aparılmasında BMT İP-in rolunu qeyd etmişdir.
Anna Maria Qarrido çıxış edərək səmimi görüş, ətraflı məlumat və fikir mübadiləsi üçün minnətdarlığını bildirmişdir. O, BMT İP-in ombudsman təsisatlarına köməyinin, maliyyə dəstəyinin səmərəsinin artırılmasına dair layihə üzrə Azərbaycandan başqa daha beş ölkədə - Səudiyyə Ərəbistanı, Şri-Lanka, Boliviya və digər ölkələrdə araşdırmalar apardığını, nəticələr barədə yekun hesabatı hazırlayıb BMT İP-ə təqdim edəcəyini söyləmişdir.