CƏMİYYƏT
Ombudsman Aparatında “Tvinninq” layihəsinin yekun nəticələri təqdim edilib VİDEO
![Ombudsman Aparatında “Tvinninq” layihəsinin yekun nəticələri təqdim edilib VİDEO](/files/2018/1/1200x630/15173912903667162293_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı “Tvinninq” layihəsinin yekun nəticələri ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “Tvinninq” layihəsini Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə həyata keçirib.
Tədbirdə çıxış edən ombudsman, benefisiar ölkənin layihə lideri Elmira Süleymanova “Tvinninq” barədə məlumat verib. O bildirib ki, 24 ay davam edən layihə dörd komponenti - Ombudsman İnstitutunun işgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsini, idarəetmə-informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafiəsi sahəsində ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsini, informasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun icrasına nəzarət sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsini, ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsini əhatə edir. O, layihənin insan hüquqları təsisatlarının işinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatları və ombudsman Elmira Süleymanovanın bu sahədə çoxşaxəli fəaliyyətini qeyd edib. O deyib ki, “Tvinninq” layihəsinin uğurla həyata keçirilməsi üçün Azərbaycan ombudsmanı tərəfindən lazımi şərait yaradılıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas layihənin əhəmiyyətindən danışıb. O deyib ki, Ombudsman İnstitutu geniş imkanlara və böyük potensiala malik bir təsisatdır, istənilən ölkənin sosial həyatında mühüm yer tutur. Güclü əsaslar ortaq maraqlar, ortaq dəyərlər əsasında qurulur.
Azərbaycan tərəfi ilə birgə fəaliyyət planı hazırlandığını deyən Kestutis Jankauskas burada əlilliyi olan, həmçinin yaşlı insanlara dair məsələlərin yer aldığını qeyd edib. O, bu işə dəstək nümayiş etdirdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Üzv ölkənin layihə lideri Volker Ellenberger qeyd edib ki, layihə çox uğurla həyata keçirilib və bu, üzv ölkələr üçün olduqca əhəmiyyətlidir. Bu layihə imkan yaradır ki, qarşılıqlı olaraq təcrübələri paylaşaq və ən yaxşı təcrübəni əldə edək. “Layihə çərçivəsində üzv ölkələrin təcrübələrini də öyrənmiş olduq”, - deyə o əlavə edib.
Üzv ölkənin kiçik layihə rəhbəri Miroslav Vroblevski layihə çərçivəsində Ombudsman Aparatının əməkdaşlarının insan hüquqları sahəsində əldə etdiyi təcrübəni xüsusilə qeyd edib. O, layihənin əhəmiyyətindən danışaraq əldə edilən nailiyyətləri vurğulayıb.
Tədbirdə beynəlxalq təşkilatların, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.