OMBUDSMAN ATƏT-LƏ BİRGƏ LAYİHƏ HƏYATA KEÇİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ombudsman Elmira Süleymanova ATƏT-in Azərbaycandakı nümayəndəliyi arasında əldə edilmiş razılığa əsasən birgə həyata keçiriləcək layihə barədə məlumat vermişdir. Bildirilmişdir ki, layihədən məqsəd təcridxana və müvəqqəti saxlanılma yerlərində insan hüquqlarının pozulması hallarının araşdırılması və qanunun aliliyi prinsipinin hüquq-mühafizə orqanlarının işçiləri arasında təbliğ edilməsindən ibarətdir.
Layihə üzrə yaradılan çevik araşdırma qrupu şikayətlərə əsasən MST-lərə baxışlar, habelə öz təşəbbüsü ilə mütəmadi olaraq monitorinq həyata keçirəcəkdir. Monitorinqə DİN və prokurorluq orqanlarının əməkdaşları, QHT-lərin nümayəndələri cəlb ediləcəkdir. Bu qrupun üzvləri 24 saat ərzində (gecə-gündüz) daxıl olan şikayətlərə dərhal cavab verəcək, göstərilən yerə baxış keçirəcək, hər bir məlumata münasibət bildirəcəklər. Layihə əsas etibarilə Bakı şəhəri rayonlarının polis idarələri və şöbələrini əhatə edəcəkdir.
ATƏT-in Bakı ofisi rəhbərinin vəzifəsini icra edən Robin Svord həyata keçirilən layihənin əhəmiyyətindən danışmış, çevik araşdırma qrupunun fəaliyyətində, monitorinqin texnikası, formalarının müəyyənləşdirilməsində ombudsman təsisatına yardım göstəriləcəyini bildirmişdir.
Birgə layihə üzrə işlər 2004-cü ilin dekabrında başa çatacaqdır.