OMBUDSMAN UKRAYNADAKI AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman onların doğma Vətənə gəlişindən məmnun olduğunu söyləmiş, ölkəmizin sosial-iqtisadi durumu barədə məlumat vermişdir.
Müvəkkil Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, ölkələrimiz müstəqillik əldə etdikdən sonra işgüzar əlaqələrin daha da möhkəmləndiyini, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki dövlət başçısının xüsusi rolunu qeyd etmişdir.
Görüş zamanı qonaqlar Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf etdiyini, Ukraynadakı diasporumuzun Azərbaycanı dəstəklədiyini vurğulamışlar. Onlar diasporun hazırkı durumu, respublikamızla əlaqələri, beş yaşlı Ukrayna-Azərbaycan Konqresinin fəaliyyəti, bu təşkilat tərəfindən zəngin mədəniyyətimizin təbliği istiqamətində görülən işlər barədə məlumat vermişlər.
Qonaqlar təmsil etdikləri ölkədə yaşayan azərbaycanlı gənclərin qurultayını keçirmək arzusunda olduqlarını bildirmişlər.
E.Süleymanova Azərbaycan ombudsmanı ilə bir sıra MDB respublikalarının, o cümlədən Ukrayna insan hüquqları üzrə müvəkkili arasında insan hüquqlarının müdafiəsi sahəsində ikitərəfli müqavilələrin bağlandığını və bu sahədə müəyyən işlərin görüldüyünü nəzərə çatdırmışdır.
Görüşün sonunda soydaşlarımıza Ombudsman haqqında qanunun beş dildə çap edilmiş nəşri, Qarabağ həqiqətləri barədə ədəbiyyat və disklər bağışlanmışdır.