On dörd yaşadək qılıncoynadanlarımız Türkiyədə keçirilən uşaqlar arasında beynəlxalq turnirdə iştirak edir
Bakı, 16 aprel, AZƏRTAC
On dörd yaşadək olan qılıncoynadanlarımız Türkiyənin Antalya şəhərində keçirilən uşaqlar arasında beynəlxalq turnirdə iştirak edir.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 12 yaşadək qız şpaqaçıların şəxsi yarışında Mirnuray Abbasova və 14 yaşadək qız şpaqaçıların şəxsi yarışında isə Nəzrin Mehdiyeva turnirin qalibi olub.
Qrupda keçirdiyi altı görüşdə mütləq nəticə göstərərək eyni sayda qələbə qazanan Mirnuray Abbasova pley-off mərhələsində finala gedən yolda daha beş rəqibini məğlub edərək 12 yaşadək qız şpaqaçıların şəxsi yarışında həlledici görüşə vəsiqə qazanıb.
Finalda Ela Nur Özişıkı 10:6 hesabı ilə məğlub edən Mirnuray uşaqlar arasında beynəlxalq turnirin qızıl medalını qazanıb.
14 yaşadək qız şpaqaçıların şəxsi yarışında qrupu beş qələbə ilə başa vuran Nəzrin Mehdiyeva pley off mərhələsində finala gedən yolda 5 rəqibini mübarizədən kənarlaşdırıb.
O, finalda İlke Taşbaşla gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə rəqibini 15:14 hesabı ilə məğlub edib.