Ordumuz ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır
Beyləqan, 27 may, AZƏRTAC
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzün və suverenliyimizin keşiyində inamla dayanır, ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 28 may - Respublika Günü münasibətilə 44 günlük Vətən müharibəsinin qaziləri ilə keçirilən görüşdə səsləndirilib.
Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova bildirib ki, Azərbaycanda nizami və güclü ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil Ümummilli Liderin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.
Diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə "44 günlük müharibə" kimi düşən Vətən müharibəsində şanlı ordumuz düşmən üzərində zəfər qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.
Görüşdə çıxış edən Vətən müharibəsi qaziləri 44 günlük müharibədə Azərbaycan Ordusunun qəhrəmanlığından, döyüş xatirələrindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə xalqımızın 30 illik arzusunu gerçəkləşdirdi, düşməni ağır məğlubiyyətə uğradaraq işğal altında olan torpaqlarımızı azad etdi. Xalqımıza böyük sevinc və fəxarət hissi yaşatdı.