Orta Dəhliz qlobal enerji və ticarət təhlükəsizliyinin yeni dayaq xəttidir – ŞƏRH
Bakı, 20 mart, AZƏRTAC
Dünya enerji təchizatının əsas arteriyalarından biri olan Hörmüz boğazında baş verən hər hansı gərginlik beynəlxalq iqtisadi sabitlik üçün ciddi risklər yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli siyasi ekspert Kadir Uğur Yılmaz bildirib.
Onun sözlərinə görə, enerji resurslarının fasiləsizliyi müasir iqtisadi sistemin əsas dayağıdır.
“Məhz bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Uzun illər alternativ kimi qiymətləndirilən bu marşrut artıq qlobal ticarət və enerji təhlükəsizliyi baxımından zəruri platformaya çevrilməkdədir. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz, dəniz yollarına olan asılılığı azaltmaqla yanaşı, daha dayanıqlı və çevik logistika imkanları yaradır. Hörmüz boğazında mümkün böhran ssenarilərində dəniz nəqliyyatının iflic olması ehtimalı yüksəkdir. Lakin quru və dəmir yolu xətləri bu kimi risklərə qarşı alternativ və etibarlı marşrut kimi çıxış edə bilər. Bu isə yeni geosiyasi reallıqda nəqliyyat və logistika şəbəkələrinin şaxələndirilməsinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Orta Dəhlizin effektiv fəaliyyəti isə ilk növbədə Azərbaycan və Türkiyənin koordinasiyalı siyasətindən asılıdır. Azərbaycan Xəzər regionunda enerji və nəqliyyat qovşağı kimi çıxış edərək Mərkəzi Asiya ilə Qərb arasında mühüm körpü rolunu oynayır. Zəngin enerji resursları və inkişaf edən nəqliyyat infrastrukturu ölkənin qlobal enerji təhlükəsizliyində rolunu daha da gücləndirir”, - deyə o vurğulayıb.
Kadir Uğur Yılmaz əlavə edib ki, Türkiyənin müasir limanları, geniş dəmir yolu şəbəkəsi və logistika imkanları regionun beynəlxalq ticarət sisteminə inteqrasiyasında mühüm rol oynayır. Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP və digər strateji layihələr Azərbaycan–Türkiyə əməkdaşlığının konkret nəticələri kimi bu marşrutun funksionallığını artırır: "Qlobal miqyasda baş verən son proseslər, xüsusilə Rusiya–Ukrayna müharibəsi bir daha göstərdi ki, enerji təhlükəsizliyi yalnız resursların mövcudluğu ilə deyil, həm də onların daşınma marşrutlarının etibarlılığı ilə ölçülür. Tək mənbəyə və ya tək marşruta bağlılıq isə ciddi strateji risklər yaradır. Bu baxımdan, Orta Dəhlizin inkişafı yalnız iqtisadi layihə deyil, eyni zamanda, geosiyasi sabitliyin təmin edilməsi baxımından mühüm addımdır. Bu marşrut vasitəsilə enerji və ticarət axınlarının şaxələndirilməsi mümkün olur ki, bu da qlobal iqtisadi sistemin dayanıqlığını artırır. Mövcud reallıqlar fonunda Azərbaycan və Türkiyənin təşəbbüsü ilə regional enerji və ticarət təhlükəsizliyi mexanizmlərinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Belə bir əməkdaşlıq platforması həm Avropa üçün etibarlı enerji təminatı, həm də Asiya üçün fasiləsiz ticarət imkanları yarada bilər”.
Türkiyəli siyasi ekspert bildirib ki, müasir dünya artıq tək marşrut üzərində qurulmuş sistem deyil: “Beləliklə, XXI əsrdə qlobal iqtisadi və siyasi proseslərin istiqamətini müəyyən edən əsas amillərdən biri məhz enerji və nəqliyyat dəhlizlərinə nəzarət olacaq. Bu baxımdan, Orta Dəhliz və bu marşrut üzərində yerləşən Azərbaycan və Türkiyə kimi ölkələrin rolu daha da artacaq".