Ötən ay 509 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb
Naxçıvan, 8 yanvar, AZƏRTAC
Ötən ay muxtar respublikada 509 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 434 texniki sənəd hazırlanıb, yeni yaradılmış 31 daşınmaz əmlak obyektinə ünvan verilib, 121 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 15 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına salınıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay torpaqların elektron kadastr uçotunun aparılması üçün Culfa bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılıb. Sədərək rayonu üzrə həyətyanı və pay torpaq sahələrinə dair məlumatların miqrasiyası başa çatdırılıb, elektron kadastr xəritəsi tərtib edilib.
Əkin atlaslarına uyğun əkinlərin aparılmasına nail olunması, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi məqsədilə Culfa, Şahbuz və Kəngərli rayonlarında maarifləndirici tədbirlər keçirilib. Şahbuz rayonunun Şahbuz, Nursu, Türkeş, Keçili və Mahmudoba bələdiyyələri üzrə yenilənmiş torpaqların qida maddələri ilə təminolunma kartoqramları müvafiq bələdiyyələrə təqdim olunub, onlara kartoqramlardan istifadə qaydaları izah edilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə ay ərzində Şərur rayonunun Yengicə və Xələc, Kəngərli rayonunun Qarabağlar kəndlərində monitorinqlər başa çatdırılıb. Şərur rayonunun Maxta, Axaməd, Kərimbəyli və Kürçülü kəndlərində aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılıb.
“Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə qarşıya qoyulan vəzifələrin müzakirəsi keçirilib, icrası ilə bağlı iş planı təsdiq edilib.
Naxçıvan Dövlət Universitetinin xidmətin hamiliyinə verilmiş Torpaqşünaslıq və aqrokimya ixtisasında təhsil alan tələbələri ilə görüş keçirilib, Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisasları tələbələrini xidmətin bazasında istehsalat təcrübəsi keçmələri təmin edilib.