REGİONLAR
Ötən il Qaxda 2 min kubmetr həcmində dəmir-beton suvarma kanalları çəkilib
Qax, 12 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir. Səhmdar Cəmiyyətin Qax rayon Suvarma Sistemləri İdarəsinin 2020-ci il üçün iş planına əsasən, ötən il rayon ərazisindən axan dağ çaylarında 5598 kubmetr həcmdə və ya 628 poqonmetr uzunluğunda daş-beton bəndlərdə əsaslı və cari təmir işləri aparılıb. Eyni zamanda, selə qarşı mübarizə tədbirləri çərçivəsində Kürmük, Ağçay, Zərnə və Ləkit çaylarında 1979 kubmetr həcmdə qabion bəndlər quraşdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov məlumat verib.
Əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanallarda su itkisinin qarşısının alınması məqsədilə 2020-ci ildə idarə tərəfindən kanalların beton üzlüyə alınması istiqamətində də işlər davam etdirilib. Qurum rəsmisinin sözlərinə görə, hazırda idarənin balansında 21 min 324 hektar suvarılan torpaq sahəsi mövcuddur. Suvarılan sahələrin 1524 hektarı Qax aqroparkının ərazisindədir. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 264,8 kilometr uzunluğunda torpaq suvarma kanalları var. Bu kanalların 188,8 kilometri təsərrüfatlararası, 76 kilometri isə magistral kanallardır. Ötən il Əmbərçay kəndinin və Qax şəhərinin Qaxmuğal ərazisindəki əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanalların üzərində hər biri 500 kubmetr, Cəlayir kəndi ərazisində 700 kubmetr, həmçinin Ağçay kəndi ərazisindən axan Qobala çayı üzərində 300 kubmetr həcmdə dəmir-beton kanallar çəkilib. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə ötən il rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarında 513 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda, çay yataqlarında 1 milyon kubmetr həcmdə məcratəmizləmə işləri aparılıb.
İdarə rəisinin sözlərinə görə, sahilbərkitmə, həmçinin suvarma kanallarının və çay yataqlarının təmizlənməsi işləri 2021-ci ildə də davam etdiriləcək. Belə ki, cari ildə İbaxlı, Əlibəyli kəndlərinin və əkin sahələrinin mühafizəsi üçün Kürmük çayının sağ və sol sahillərində 120 və 80 poqonmetr, eyni zamanda, Kürmük çayının Qax şəhərinin yaxınlığından keçən hissəsində 100 poqonmetr uzunluğunda daş-beton bəndlərin tikintisi nəzərdə tutulur.