Ötən il qeydiyyata alınan sahibkarlıq subyektlərinin 50,4 faizi regionların payına düşüb
Ağstafa, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Ağstafa rayonu Heydər Əliyev Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III Regional forum keçirilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən forumda rayonların icra başçıları və onların nümayəndələri, sahibkarlar, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi, Dövlət Reklam Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ağstafa rayonunda ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyublar.
Forumu açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial-rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektoru üzrə gəlirləri artırmaqla “Made in Azerbaijan” brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır.
Bu məqsədlə ölkəmizin vergi, gömrük sistemlərində və digər sahələrdə həyata keçirilən əsas islahatların başlıca hədəflərindən biri Azərbaycanda sahibkarlığı inkişaf etdirməkdir. Son illərdə hər birimiz müasir tələblərə cavab verən infrastrukturun yaradılmasının, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlamasının, sahibkarlığın dəstəklənməsinin şahidiyik. Ölkəmizdə bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir.
Statistik məlumatlara əsaslansaq, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların yarısı aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 min 600 nəfər vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda yaradılan sahibkarlıq subyektləridir. Əlbəttə, bu, sevindirici haldır və regionların inkişafı, region sahibkarlığının faizinin artması ölkəmizin ümumi tərəqqisinə mühüm töhfələr verəcək.
“Əminəm ki, bugünkü III Regional forum məhsuldar keçəcək və qarşıda qoyulan hədəflərə nail olmaq, sahibkarları düşündürən məsələləri, onların həlli yollarını, mövcud imkanları müzakirə etmək baxımından yeni imkanlar açacaq”, - deyə Məmməd Musayev bildirib.
Sonra tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxış ediblər.
Daha sonra forum panellərdə öz işini davam etdirib. Panel sessiyalarda aidiyyəti qurumların nümayəndələri tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, KOB dostları və KOB evləri, kənd təsərrüfatı məhsulları və texnikasına verilən kreditləşmə qaydası, ABAD məhsullarının təqdimatı, Yaşıl Dəhliz Layihəsinin təqdimatı, “Qida təhlükəsizliyi haqqında” Qanunun ictimai müzakirəsi, regionlarda DOST agentliyinin rolu, açıq məkanda reklam üçün qanunvericiliyin tələbləri və “Azexport” və “Entreprise Azerbaijan” portalları haqqında məlumatlar təqdim olunub.
Forum Ağstafa rayonundakı bir neçə müəssisəyə təşkil olunan səfərlə başa çatıb.