“Oxu və əylən” müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 19 iyun, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında keçirilən “Oxu və əylən!” müsabiqəsinin qalibləri müəyyənləşib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilən müsabiqəyə ümumilikdə 200 iş təqdim olunub.
Müsabiqənin nəticələrə əsasən, Bakı şəhəri 29, 12, 236 nömrəli tam orta məktəblərin şagirdləri Zülfiyyə İsayeva, Nigar Bəşirova, Nuray İbadlı I yerin, 142, 206, 234 nömrəli tam orta məktəblərin şagirdləri Tural Zeynallı, Gülər Qurbanlı, Asiya Adilzadə II yerin, 78, 239, 244 nömrəli tam orta məktəblərin şagirdləri Aylin Məmmədli, Nərgiz Qasımzadə və Xədicə İsmayılzadə isə III yerin sahibi olublar.
Bakı şəhəri 140, 256, 274 nömrəli tam orta məktəblərin şagirdləri Nisə Məmmədova, Nərgiz Əliyeva və Nuray Vaqifzadə isə həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqənin təşkil edilməsində məqsəd ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini daha da genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etməkdən ibarətdir. Müsabiqə şagirdlərin oxu vərdişlərini təkmilləşdirmək, onlara uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərini aşılamaq, şagirdlərin təxəyyül, təfəkkür və nitqini inkişaf etdirmək, məktəblilərdə obrazlı təsəvvürlər əsasında ətraf aləm haqqında biliklər formalaşdırmaq kimi vəzifələrə xidmət edir.