Özbəkistan nümayəndə heyəti ilə sənaye zonalarına investisiya yatırılması imkanları müzakirə olunub
Bakı, 21 iyun, AZƏRTAC
Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini Farkhodjon Toshpulatov və özbək iş adamlarından ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olublar.
Sumqayıt Kimya Sənaye Parkından AZƏRTAC-a bildirilib ki, qonaqlara ölkədə mövcud sənaye zonaları, burada mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib. Görüş çərçivəsində sənaye zonalarında fəaliyyət göstərən rezidentlərlə əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi, burada istehsal olunan məhsulların ixrac imkanları və sair məsələlər müzakirə edilib.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində gedən istehsal prosesi ilə tanış olublar.