Özbəkistan portalı Xocalı həqiqətlərindən bəhs edir
Daşkənd, 26 fevral, AZƏRTAC
Özbəkistanın Nargis.uz portalı Xocalı soyqırımı haqqında özbək və rus dillərində “İnsanlıq tarixinə qara ləkə” və “Xocalı faciəsi: 26 il sonra” sərlövhəli məqalələr yayıb.
Məqalələrin müəllifi tanınmış jurnalist Nargiz Kasimova Xocalı faciəsinin törədilmə səbəbləri və ağır nəticələrindən bəhs edir.
Yazılarda faciə zamanı amansızlıqla öldürülənlər, yaralananlar, itkin düşənlər haqqında məlumat verilir. Vurğulanır ki, bu qırğında 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gün 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur.
Məqalələrdə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı haqqında da söhbət açılır. Bildirilir ki, alayın Seyran Ohanyanın komandirliyi ilə ikinci batalyonu, Yevgeni Nabokixinin rəhbərliyi ilə üçüncü batalyonu, birinci batalyonun qərargah rəisi Valeri Çtiçyan və alayın 50-dən çox zabiti Xocalı sakinlərinə qarşı görünməmiş vəhşiliklər törədiblər.
Vurğulanır ki, Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, faciə törədildikdən sonra təkcə Ağdama Xocalıdan 200 cəsəd gətirilib. İnsanlar qətlə yetirildikdən sonra cəsədlərin üzərində təhqiramiz hərəkətlər edilib.
Məqalələrdə həmin günlərdə “Le Mond”, “İzvestiya”, “Vaşinqton post”, “Faynenşl tayms” və digər KİV-lərdə yayılan məqalələrdən və reportajlardan sitatlar gətirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd