Özəlləşdirmə hərraclarının keçirilməsi bərpa olunub
Bakı, 18 avqust, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fasilə verilən özəlləşdirmə hərraclarının keçirilməsi bərpa olunub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac avqustun 18-də təşkil olunub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda 14 dövlət əmlakı özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtda, Balakən, Ucar, Neftçala, Masallı rayonlarında yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü Əmlak Xidmətləri Məkanına gələrək elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (emlak.gov.az) və ya özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.