ÖZLƏRİNİ VERGİ MÜFƏTTİŞİ KİMİ TƏQDİM ETMİŞ ŞƏXSLƏR TUTULMUŞDUR
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 19-da
Sabunçu rayonundakı 14-cü polis bölməsinə və Bakı Şəhər Vergilər Departamentinə özünü vergi müfəttişi kimi təqdim etmiş 3 nəfər barədə məlumat daxil olmuşdur. Həmin şəxslər özlərini vergi müfəttişi kimi təqdim edərək, Maştağa qəsəbəsindəki mağazanın sahibini kassa əməliyyatları zamanı çek vurmadığı üçün cərimə edəcəklərini bildirib, ondan 100 manat pul almışlar.
14-cü polis bölməsi və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində özlərini vergi müfəttişi kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının pozulmasına yol vermiş Yəhyayev Anar Qüdrət oğlu, Manafov Ramil Əyyub oğlu və Rzayev Əflatun Mirxas oğlu saxlanılaraq barələrində tədbir görülməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilmişlər.
Faktla bağlı sentyabrın 20-də Sabunçu Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaqla müəyyən edilmişdir ki, hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma), 178.2.3-cü, 178.2.4-cü (öz qulluq mövqeyindən sui-istifadə etməklə və külli miqdarda dələduzluq) maddələri ilə təqsirləndirilən Yəhyayev Anar, Rzayev Əflatun və Manafov Ramil 2008-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin Xətai, Binəqədi, Səbail, Nərimanov, Sabunçu rayonlarında müxtəlif ünvanlarda yerləşən mağazalara girib özlərini verği müfəttişi kimi təqdim edərək, satıcılar çek vurmadığı halda onları cərimə edəcəklərini bildirməklə mağaza sahiblərindən pul almışlar. Mağaza sahibləri pul verməkdən imtina etdikdə isə saxtalaşdırılmış inzibati tənbehetmə haqqında qərar blanklarından istifadə edərək onları cərimə edəcəkləri ilə hədələmişlər.
Törətdiyi cinayət əməllərinə görə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.