Özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 3 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ölkəmizdə səfərdə olan sosial müdafiə qrupu ilə görüş olub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın dayanıqlı inkişafı, xüsusilə uğurlu iqtisadi şaxələndirmə əsasında yeni iş yerlərinin açılmasının davamlı xarakter almasına imkan verib. Qeyri-neft sektorunun genişlənməsi, biznes mühitinin yaxşılaşması və sahibkarlığın dəstəklənməsi tədbirləri ölkədə məşğulluq imkanlarının artmasına şərait yaradıb.
Görüşdə sosial müdafiə siyasətində aktiv tədbirlərə, məşğulluq amilinə üstünlük verildiyi qeyd olunub, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılmasına, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılması üçün dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı barədə məlumat verilib.
Nazir müavini qeyd edib ki, 2018-ci ildə proqrama cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə artıb, biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Onlar əsasən daha həssas kateqoriyalardan olan vətəndaşlardır və proqram çərçivəsində verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarına sahib olublar. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həmin proqrama dəstək məqsədilə icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.
Qarşıdakı dövrdə də proqramın əhatə dairəsinin genişləndiriləcəyini deyən nazir müavini Dünya Bankı ilə əməkdaşlığın bu sahədə öz töhfəsini verəcəyini bildirib.
Sosial müdafiə qrupunun rəhbəri, iqtisadçı Sandor Karacsoni və qrupun digər üzvləri proqramın əhatə dairəsinə daha çox sayda insanın cəlb edilməsinin sosial və iqtisadi əhəmiyyətini və Dünya Bankının bu sahədə öz dəstəyini göstərməyə hazır olduğunu qeyd ediblər.
Görüşdə özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq məsələləri və bu məqsədlə hazırlanan birgə layihənin detalları müzakirə olunub.